Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir. Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir. Bu beş boro — Bruklin (Kinqs dairəsi), Kuins (Kuins dairəsi), Manhetten (Nyu-York qraflığı), Bronks (Bronks dairəsi) və Staten-Aylend (Riçmond dairəsi) 1898-ci ildə vahid bir şəhərə birləşdirilmişdir. Şəhər ABŞ-yə immiqrantlar üçün giriş qapısıdır. Nyu-Yorkda 800-ə qədər müxtəlif dildə danışılır ki, bu da onu dünyanın linqvistlik cəhətdən ən müxtəlif şəhəri edir. Nyu-Yorkda ABŞ-dən kənarda doğulmuş 3,2 milyondan çox sakin yaşayır. Buna əsasən 2016-cı ildə şəhər dünayda ən çox əcnəbi yaşayan şəhər qəbul edilmişdir. 2018-ci ilə qədər Nyu-York aqlomerasiya regionunun təxminən 1,8 trilyon ABŞ dollarlıq ümumi aqlomerasiya məhsulu (GMP) istehsal etidyi təxmin edilir və bu, ABŞ-də birinci yerdədir. Nyu-York aqlomerasiya regionu suveren dövlət olsaydı, dünyanın səkkizinci ən böyük iqtisadiyyatına sahib olardı. Şəhər dünyada ən çox milyarderin yaşadığı yerdir. Nyu-Yorkun izləri 1624-cü ildə Yeddi Birləşmiş Əyalət Respublikasından olan kolonistlər tərəfindən Aşağı Manhettendə qurulan ticarət məntəqəsinə qədər gedib çıxır. Məntəqə 1626-cı ildə Yeni Amsterdam (nid. Nieuw Amsterdam) olaraq adlandırılmış və 1653-cü ildə şəhər statusu almışdır. Şəhər 1664-cü ildə ingilislərin nəzarətinə keçdi və İngiltərə kralı II Karl buranı qardaşı York hersoqu II Ceymsə verdikdən sonra Nyu-York adlandırıldı. Nyu-York 1673-cü ildə hollandlar tərəfindən geri alındı və bir il üç ay müddətində Nyu-Orenc adlandırıldı; 1674-cü ilin noyabrından bəri Nyu-York olaraq adlandırılır. Şəhər 1785-ci ildən 1790-cı ilə qədər ABŞ-nin paytaxtı olub, 1790-cı ildən bəri isə ABŞ-nin ən böyük şəhəri statusunu qoruyur. XXI əsrdə Nyu-York qlobal yaradıcılıq, sahibkarlıq və ekoloji davamlılıq qovşağı və azadlıq və mədəni müxtəlifliyin simvoludur. Nyu-York 2019-cu ildə dünyanın 48 şəhərindən olan 30.000-dən çox insan arasında aparılan sorğu nəticəsi ilə dünyanın ən böyük şəhəri seçildi. Nyu-Yorku 2019-cu ildə rekord sayda — 66,6 milyon turist ziyarət etmişdi. Tayms-skver dünya əyləncə sənayesinin əsas mərkəzidir. Şəhərin bir çox görməli yerləri, göydələnləri və parkları bütün dünyada tanınır. Empayr Steyt Bildinq hündürlüyünə görə digər tikililərdən fərqlənir. Manhettenin daşınmaz əmlak bazarı dünyanın ən bahalı bazarlarından biridir. Davamlı — 7/24 xidmət göstərən Nyu-York metropoliteni 472 dəmiryol stansiyası ilə dünyanın ən böyük metropolitenidir. Şəhərdə 120-dən çox kollec və universitet, o cümlədən Kolumbiya Universiteti, Nyu-York Universiteti və Nyu-York Şəhər Universiteti yerləşir. Aşağı Manhettendə "maliyyə bölgəsi" adlanan Uoll-Strit və dünyanın iki ən böyük birjası — Nyu-York Fond Birjası və NASDAQ yerləşir.
Developed by StudentB